SİYASƏT
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıya gələcəklər
Bakı, 31 mart (AZƏRTAC). Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıya gələcəklər. Bu cür səfərlər bizi daha da yaxınlaşdırır, əlaqələrimizi inkişaf etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanda səfərdə olan Böyük Britaniya Lordlar Palatasının və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü xanım Baronessa Meri Qoudinin martın 31-də Milli Məclisdə Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupun üzvləri ilə görüşündə səslənmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsi sədrinin müavini, işçi qrupun üzvü Çingiz Əsədullayev qonaqlara 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə ətraflı məlumat vermiş, dünya ictimaiyyətinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aksiyaları və soyqırımlara qiymət verməsinin vacibliyini vurğulamışdır.
Sonra Ç.Əsədullayev Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə və regionda həyata keçirilən irimiqyaslı layihələr, əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Böyük Azərbaycan iqtisadiyyatına sərmayə qoyan xarici şirkətlər arasında Böyük Britaniya investorları üstünlük təşkil edir.
Böyük Britaniyanın Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayan xanım Baronessa Meri Qoudi Azərbaycanda müşahidə etdiyi inkişafı, neft gəlirlərinin insan kapitalının inkişafına yönəldilməsini yüksək qiymətləndirmişdir.
Sonra qrupun digər üzvləri - Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev və deputat Fuad Muradov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, rəsmi Bakının haqlı və ədalətli mövqeyi, Dağlıq Qarabağın azərbaycanlı icmasının vəziyyəti barədə qonağa ətraflı məlumat vermişlər.