SİYASƏT
Böyük Britaniyanın nüfuzlu “Diplomat” jurnalında Azərbaycan səfirinin məqaləsi dərc olunmuşdur
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə bağlı səfir Fəxrəddin Qurbanovun bu ölkədə nəşr olunan nüfuzlu “Diplomat” jurnalında geniş məqaləsi dərc edilmişdir.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin tarixi və hazırkı vəziyyəti, siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrdən bəhs olunur.
Böyük Britaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu qeyd edilən yazıda bildirilir ki, ölkələrimiz arasında əlaqələr qədim tarixə malikdir.
Məqalədə qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin 1994-cü və 1998-ci, Prezident İlham Əliyevin isə 2004-cü və 2009-cu illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafına təkan vermişdir. Ötən 20 ildə Böyük Britaniyanın yüksək səviyyəli rəsmilərinin, deputatların və iş adamlarının Azərbaycana çoxsaylı səfərləri ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə vermişdir.
Müəllif məqalədə yazır ki, Azərbaycan Qafqaz və Xəzər regionlarında Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Rəsmi London Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Birləşmiş Krallıq Azərbaycanın Avropaya inteqrasiyasını da dəstəkləyir. Azərbaycanın isə antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakı Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilir.
Diplomat BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın qurum çərçivəsində Birləşmiş Krallıq ilə səmərəli əməkdaşlıq edəcəyinə əminliyini bildirir.
Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilən məqalədə Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran ölkə olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan ilə Birləşmiş Krallıq 1994-cü ildən enerji sahəsində uğurlu əməkdaşlıq edir. Azərbaycanda Böyük Britaniyanın təxminən 170 şirkəti fəaliyyət göstərir. Bundan əlavə, Bakıdakı tikinti layihələrində Böyük Britaniyanın ekspertləri fəal iştirak edirlər.
Müəllif bildirir ki, Azərbaycan ilə Böyük Britaniya arasında elm, təhsil və mədəniyyət sahələrində də əlaqələr yüksək səviyyədədir. Hər il yüzlərlə azərbaycanlı tələbə təhsil almaq üçün Böyük Britaniyanın ali təhsil müəssisələrinə göndərilir. Hər il Londonda Azərbaycan mədəniyyəti, xüsusilə də musiqisi, incəsənəti, milli mətbəxi ilə bağlı müxtəlif tədbirlər keçirilir.