İQTİSADİYYAT
“bp-Azerbaijan” şirkəti azərbaycanlı tələbə və məzunlar üçün karyera forumu təşkil edib
AZƏRTAC xəbər verir ki, forumu giriş sözü ilə açan şirkətin təmsilçisi Tamam Bayatlı tədbirin bp və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislər yetişdirilməsi istiqamətində ölkənin göstərdiyi səylərə dəstək olmaq öhdəliyinin bir hissəsi olduğunu bildirib. Qeyd olunub ki, forumun məqsədi xarici universitetlərdə təhsil alan istedadlı tələbələr arasında şirkətdə iş imkanlarını təşviq etmək və onlarla birbaşa əlaqələr qurmaqdır.
“bp-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova çıxışında forumun xaricdə təhsil alan tələbələri məlumatlandırmaq və onlarla ünsiyyət qurmaq imkanı yaratdığını söyləyib. “Tələbələr “bp-Azerbaijan” şirkətinin yüksək vəzifəli məmurları ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə biləcəklər. Həmçinin şirkətin Azərbaycanda və regionda 20 il ərzində dənizdə və quruda təhlükəsiz və etibarlı şəkildə həyata keçirdiyi əməliyyatlar haqqında məlumat almaq imkanı qazanacaqlar” - deyə L.Novruzova vurğulayıb.
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan bəhs edib. Vurğulayıb ki, yalnız son üç ildə Prezident İlham Əliyevin gənclərlə müxtəlif tədbirlərdə altı görüşü olub. Dövlətimizin başçısı bütün görüşlərdə gənclərimizi yüksək ixtisaslı mütəxəssis kimi nəinki ölkəmizin, eləcə də dünyanın aparıcı şirkətlərində görmək istəyini ifadə edib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının və digər rəsmi sənədlərin başlıca məqsədlərindən biri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsindən, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsindən ibarətdir.
V.Quliyev neft-qaz sənayesi sahəsində dünyanın ən nüfuzlu şirkəti olan “bp-Azerbaijan”da karyera qurmaq istəyən gənclərə uğurlar arzulayıb.
Böyük Britaniya Məzunları İctimai Birliyi ilə birgə təşkil olunan forumda xaricdə təhsil alan 120 azərbaycanlı tələbə və məzun iştirak edib. Onlar öz karyeralarını ölkənin neft və qaz sənayesində qurmağı planlaşdıran gənclərdir.