BP: Bakı Enerji Həftəsi Azərbaycanın sənaye sahəsində ilin ən vacib tədbirlərindəndir
Bakı, 4 iyun, AZƏRTAC
BP şirkəti olaraq biz əvvəldən bu sərginin əsas iştirakçılarından və dəstəkçilərindən biriyik. İndiyə qədər də “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərinin və Bakı Enerji Forumunun sponsoru olmuşuq və bu fəaliyyətimizə davam edəcəyik.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgisində “BP-Azerbaijan” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.
O bildirib ki, Bakı Enerji Həftəsi çox əhəmiyyətli hadisədir.
“Hadisə deyirəm, çünki bu tədbir Azərbaycanın sənaye sahəsində ilin ən vacib və ən əhəmiyyətli tədbirlərindəndir. Biz hər il çox böyük həvəslə bu sərgi və konfransa hazırlaşırıq. Bu il də çox ciddi hazırlaşmışıq. Bizim iştirakımızın əsas diqqət mərkəzində “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə imzalanmış hasilatın pay bölgüsü Sazişinin 30 illiyi durur. Biz böyük qürur hissi ilə bu yatağın əməliyyatçısı olaraq 30 ildə əldə olunmuş AÇG-nin istismarı sahəsində uğurlarımızı, nailiyyətlərimizi, gördüyümüz işləri, gətirdiyimiz texnologiyaları və daha bir çox fəaliyyətimizi nümayiş etdiririk”, - deyə T.Bayatlı vurğulayıb.
Qeyd edək ki, BP şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi də BP tərəfindən icra edilir.