DÜNYA
Britaniyanın sabiq maliyyə naziri hökumət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir
![Britaniyanın sabiq maliyyə naziri hökumət başçısı postu uğrunda mübarizə aparmaq niyyətindədir](/files/2022/2/1200x630/16573040081065914918_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkar partiyanın başçısı postu uğrunda mübarizə aparmaq niyyətini elan edib. Uğur qazanacağı təqdirdə o, həmçinin ölkənin növbəti Baş naziri olacaq.
AZƏRTAC bu barədə “The Guardian” nəşrinə istinadla xəbər verir.
“Mən Mühafizəkar partiyanın növbəti lideri və sizin Baş naziriniz postuna namizədliyimi irəli sürürəm. Gəlin etimadı bərpa edək, iqtisadiyyatı yenidən quraq və ölkəni birləşdirək”, - qəzet onun sosial şəbəkələrdəki bu sözlərini dərc edib.
Xatırladaq ki, dünən Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, istefa verməyə hazırdır, lakin vəzifəsindən Mühafizəkar partiyanın yeni lideri seçildikdən sonra gedəcək.
Boris Conson 2019-cu il iyulun 24-dən Böyük Britaniyanın Baş naziridir. Həmin ilin dekabrında Consonun Mühafizəkar partiyası parlament seçkilərində 365 yer qazanaraq mütləq əksəriyyəti təmin edib. Bunun sayəsində Nümayəndələr palatası böyük səs çoxluğu ilə Avropa İttifaqından (Aİ) çıxmaq haqqında qanun qəbul edib. 2021-ci il yanvarın 1-də 2016-cı ildən uzanan Brexit prosesi başa çatıb.