CƏMİYYƏT
Brüsseldəki icmamız Belçika rəsmilərini Ermənistanın müharibə cinayətlərinə adekvat reaksiya verməyə çağırıb
![](/files/galleryphoto/2022/3/1200x630/1666702916449902140_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667029161587135783_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Brüsseldə fəaliyyət göstərən Belçika Azərbaycanlıları Federasiyası İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin bombardman etdiyi Azərbaycan şəhərləri ilə bağlı Belçika hökumətinə və senatına müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Federasiyanın həmsədrləri Rəşad İbrahim və Anar Malikin adından Belçika hökumətinin üzvlərinə və senatorlarına ünvanlanan bəyanatda hazırda Azərbaycan əsilli belçikalılar 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycan şəhərlərinə raket hücumları nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdiklərini qeyd edib. Ermənistanın həmin müddət ərzində törətdiyi hərbi təcavüz nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olduğuna, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığına, mülki infrastruktura ciddi ziyan dəydiyinə diqqət cəlb edilib.
Belçika azərbaycanlılarının insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pislədikləri, beynəlxalq təşkilatların bu qanlı cinayətlərin törədilməsinə susmasının qəbuledilməz olduğu, diaspor təşkilatlarının çoxsaylı müraciətlərinə baxmayaraq, müharibə canilərinin indiyədək ədalət məhkəməsi qarşısına çıxarılması istiqamətində əməli addım atılmamasından dərin təəssüf hissi keçirdikləri bir daha qeyd edilib.
Federasiya həmsədrləri Belçika rəsmilərini və senatorları bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda müharibə cinayətlərinə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində dərhal tədbirlər görməyə çağırıblar.