BSU-DA III BEYNƏLXALQ TƏLƏBƏ ELMİ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 25-də Bakı Slavyan Universitetində humanitar elmlərin problemlərinə həsr olunmuş III beynəlxalq tələbə elmi konfransı işə başlamışdır. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuşdur.
Açılışdan əvvəl “Tələbə himni” və iştirakçıların 11 dildə təbrikləri səslənmişdir.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev bildirmişdir ki, 2002-ci ildə məhz ulu öndər Heydər Əliyevin Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu Bakı Slavyan Universitetinə çevrilmişdir. BSU dünyanın bir çox ölkələrinin universitetləri ilə sıx əlaqələr yaratmışdır və bu işdə tələbələr mühüm rol oynayırlar.
K.Abdullayev demişdir ki, konfransın işində ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, Rusiya, Gürcüstan və digər ölkələrin tələbələri iştirak edirlər. O, konfransın işinə uğurlar arzulamışdır.
BSU-nun filologiya fakültəsinin dekanı İbrahimpaşa Babayev konfransın reqlamenti barədə məlumat vermişdir.
Birinci gün plenar iclas və “Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti xarici mətbuatın səhifələrində” mövzusunda dəyirmi masa keçirilmişdir.
Aprelin 26-da konfrans işini davam etdirmişdir.