MƏDƏNİYYƏT
Bu ilki yay tətili bizim üçün unudulmaz xatirəyə çevriləcək
Gəncə, 26 avqust (AZƏRTAC, Sabir Əliyev). Bu ilki yay tətili bizim üçün unudulmaz xatirəyə çevriləcək. Çünki həmişə televiziyada seyr etdiyimiz bölgələrə ekskursiyaya getməklə Vətənimiz haqqında daha çox məlumat toplamağa nail olduq. Ölkə gənclərinin təhsilinə, təlim-tərbiyəsinə daim diqqət və qayğı göstərən dövlət başçımız indi də maraqlı bir təşəbbüslə çıxış edərək IX-XI sinif şagirdlərinin bölgələrə tur-aksiyasının keçirilməsi barədə tapşırıq verdi. Artıq 25 gündür ki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar uğurla davam edir. Həmin layihədən bəhrələnərək biz biləsuvarlı məktəblilər da iki gündür ki, Gəncədəyik. Dahi Nizaminin yurdunda maraqlı ekskursiyalar edir, Gəncənin tarixi, maddi-mədəniyyət abidələri haqqında məlumat toplayırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində deyən Biləsuvar liseyinin X sinif şagirdi Gülnar Cəfərova daha sonra əlavə etdi ki, mən heç vaxt rayonumuzdan kənara çıxmamışam. Həyata keçirilən bu aksiya nəticəsində Gəncə, Şəmkir və Göygölü gəzəcək, bölgənin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olacaq və gördüklərimi yeni dərs ilində sinif yoldaşlarıma danışacağam. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.