MƏDƏNİYYƏT
Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri yekun konsert proqramı ilə çıxış ediblər
![](/files/galleryphoto/2024/2/1200x630/17195778335056338699_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/171957783354072617_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719577833892816634_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719577833890814638_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719579736514665772_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin yekun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələr Gününə həsr olunan konsertdə məktəbin istedadlı şagirdləri dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Simfonik Orkestrin müşayiəti ilə Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.
Tədbirdə məktəbin direktoru Sevil Ələkbərova Azərbaycan Ordusunun qazandığı uğurlardan danışıb. Bildirib ki, Ulu Öndərin hakimiyyəti dövründə formalaşdırılmış Milli Ordumuzun keçdiyi döyüş yolunun zirvəsində Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri dayanır. Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi. Ötən ilin sentyabrında Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün döyüş tapşırıqlarını icra etməyə qadirdir.
Rəhbərlik etdiyi məktəbin uğurlarına toxunan direktor deyib: “Tədris zamanı şagirdləri aşağı siniflərdən səhnədə, yaradıcılıqda özünü ifadə etmək üçün hazırlayır, onlara peşəkarlıq vərdişləri aşılayırıq. Yeni nəslin tərbiyəsi, estetik zövqünün, dünyagörüşünün formalaşması, yaradıcılıq bacarıqlarının düzgün istiqamətləndirilməsi və musiqi mədəniyyətimizin inkişafı naminə bundan sonra da məsuliyyətlə çalışacaq, şagirdlərin peşəkar ifaçı kimi yetişməsi üçün ən müasir tədris üsullarını işimizə tətbiq edəcəyik”.
İki hissədən ibarət konsertin birinci hissəsində beynəlxalq müsabiqələr laureatları Həbib Babayev (piano), Mixail Çernyavko (fleyta), Lalə Nəcəfova (piano), Anar Əzimov (kamança), Zərintac Qurbanzadə (kamança) və Həsən Hüseynov (tar) öz ifalarını musiqisevərlərə təqdim ediblər. Konsertin 2-ci hissəsi də anşlaqla keçib. Bu hissədə beynəlxalq müsabiqələr laureatları Əbdülqadir Əzizzadə (piano), Əbdüləli Hüseynli (piano), Prezident təqaüdçüsü Cəmil Sədizadə (piano) və Hüseynağa Cəfərzadə (piano) çıxış ediblər.
Hər iki hissədə şagirdlər öz ifaları ilə musiqisevərlərdə xoş təəssürat yaradıblar.
Sonda məktəbin direktoru Sevil Ələkbərova şagirdləri təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb və konsertin ərsəyə gəlməsində əməyi keçən müəllim kollektivinə öz təşəkkürünü bildirib.