İQTİSADİYYAT
“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülünün tikintisinin layihəsi hazırlanıb
![“Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülünün tikintisinin layihəsi hazırlanıb](/files/2014/2/1200x630/14091371415023951082_1200x630.jpg)
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, özüldə aparılacaq işlərin ekoloji standartlara uyğunlaşdırılması məqsədilə “Azneft” İstehsalat Birliyi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq Ekologiya idarəsinə ətraf mühitə və sosial sahələrə təsirin qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin hazırlanması haqda sifariş verib və sifarişə operativ əməl olunub. Sənədin məqsədi layihənin icrası zamanı ətraf mühitə və sosial sahəyə hər hansı mənfi təsirin aşkar edilməsini və bu təsirin minimuma endirilməsini, aradan qaldırılmasını, yaxud əvvəlcədən aşkar edildiyi müddətdə əks tədbirlərin görülməsini təmin etməkdir.
Bu məqsədlə Ekologiya idarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları tərəfindən “Bulla-dəniz” yatağında və özül tikiləcək akvatoriyada ətraf mühitin ilkin vəziyyətini qiymətləndirmək üçün ekoloji tədqiqat işləri aparılıb. Monitorinq zamanı seçilmiş stansiyalardan dəniz suyunda fitoplankton və zooplankton nümunələri, dəniz dibindən dib çöküntüləri və bentos nümunələri götürülüb, dəniz suyunun fiziki-kimyəvi parametrləri “Professional Plus” cihazı vasitəsi ilə yerində ölçülüb və bütün nəticələr yekun hesabatda öz əksini tapıb. ƏMSSTQ sənədində layihənin icrasında ətraf mühit üzrə yüksək standartlara cavab verən tələblərin nəzərə alınması və yerinə yetirilməsinin təmin olunması yer alıb.