DÜNYA
Bundesver Baltikyanı ölkələrin hava məkanında patrul xidmətinə başlayacaq
Bundesverin təyyarələri Ukrayna böhranı başlayandan bəri ilk dəfə olaraq Baltikyanı ölkələrin hava məkanının qorunması missiyasında iştirak edəcəklər.
Frans-Press agentliyinin verdiyi məlumata görə, Almaniyanın 160 hərbi qulluqçusu artıq Estoniyadakı Emari hərbi aerodromuna gəliblər. Bu həftənin sonuna qədər “Eurofighter” tipli dörd təyyarə də həmin bazaya gəlməlidir. Daha iki təyyarə Almaniyada döyüş hazırlığı rejiminə keçiriləcək.
Bundesver əsgərləri Portuqaliya, Kanada və Niderlanddan olan hərbi qulluqçularla birlikdə NATO üzvü olan Baltikyanı ölkələrin hava məkanına nəzarəti Danimarkanın hərbi hava qüvvələrindən qəbul edəcəklər. Missiya dörd ay davam edəcəkdir.
Xatırladaq ki, Estoniya, Latviya və Litva NATO-ya 2004-cü ildə qəbul ediliblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn