İDMAN
Buzadırmanma üzrə açıq respublika çempionatının yarımfinal və final mərhələsi yarışlarının keçiriləcəyi vaxt müəyyənləşmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Fevralın 2-3-də Qusarın Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan buzadırmanma üzrə açıq respublika çempionatının yarımfinal və final mərhələsi yarışları keçiriləcəkdir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 26-27-də keçirilməsi nəzərdə tutulan yarışın vaxtı respublika ərazisində mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilmişdir.
Yarımfinala vəsiqə qazanan idmançılarımız bu mərhələdə Rusiya, Gürcüstan, İran və başqa ölkədən olan iştirakçılarla birgə mübarizə aparacaqlar.
Qeyd edək ki, ölkəmizdə bu kimi yarışların təşkil olunması gələcəkdə Azərbaycan idmançılarının qayayadırmanma və buzadırmanma üzrə texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq dağçılıq, qayayadırmanma və buzadırmanma təşkilatları ilə FAİREX-in əlaqələrinin daha da genişləndirilməsinə, yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaqdır.