DÜNYA
Cari ilin yanvar ayında ABŞ iqtisadiyyatında 467 min yeni iş yeri açılıb
Vaşinqton, 5 fevral, AZƏRTAC
Yanvar ayında ABŞ iqtisadiyyatında yarım milyona yaxın yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat dekabr ayında COVID-19-un “omikron” variantının yayılmasına görə iqtisadi artımın cüzi olacağını gözləyən analitikləri şoka salıb.
ABŞ Əmək Nazirliyinin aylıq hesabatında bildirilir ki, yanvar ayında 467.000 yeni iş yeri açılıb. Bu, iqtisadçıların əksəriyyətinin gözlədiyindən bir neçə yüz min çoxdur.
Prezident Co Bayden cümə günü qeyd edib ki, COVID-19 koronavirusunun ABŞ iqtisadiyyatına güclü təsir göstərməsinə baxmayaraq, ölkədə iqtisadi fəallıq yenilənib. Ağ evin başçısı deyib: “Hazırda Amerikada iş maşını həmişəkindən daha güclü işləyir”.
Nazirliyin hesabatında qeyd edilir ki, 2020-ci ilin aprel ayından bəri bütün ölkə üzrə məşğul əhalinin sayı 19,1 milyon nəfər artıb, amma bu göstərici 2020-ci ilin fevralındakı, yəni pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə demək olar ki, 3 milyon azdır.
Hesabatda daha sonra bildirilir ki, keçən ay turizm sektorunda 151.000 iş yeri yaradılıb. Peşəkar və işgüzar xidmətlər sahəsində 86.000, pərakəndə ticarət sektorunda isə 61.000 yeni iş yeri açılıb.
AZƏRTAC-ın Vaşinqton bürosu