İQTİSADİYYAT
Cəbhə xəttində yerləşən Həsənqaya kəndində yeni subartezian quyusu istifadəyə verildi
Tərtər, 17 iyul (AZƏRTAC, Tahir Ağaməmmədov). İyulun 17-də əhalinin içməli və suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə Tərtər rayonunun cəbhə xəttində yerləşən Həsənqaya kəndində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) xətti ilə yeni subartezian quyusu istifadəyə verildi.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər cəbhə xəttində yaşayan əhalinin problemlərinin həlli, o cümlədən suvarma və içməli suya olan tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışdılar.
BQXK-nin nümayəndəsi Nikola Sander iştirakçıları salamlayaraq kəndin su probleminin həlli üçün komitənin həyata keçirdiyi layihə barədə məlumat verdi. Bildirdi ki, istifadəyə verilən bu subartezian quyusu kənd sakinlərinin içməli suya olan tələbatını ödəməklə yanaşı, 40 hektar əkin sahəsinin də suvarılmasına xidmət edəcək.
Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.