Cəbhə xəttindəki məktəblərin şagirdləri qəbul imtahanlarının yeni qaydaları barədə məlumatlandırılıb
Bakı, 4 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Gəncə regional bölməsinin əməkdaşları cəbhə xəttində yerləşən Goranboy rayon Tap və Tapqaraqoyunlu kənd tam orta məktəblərinin şagird və müəllimləri ilə görüşüblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran məsələlər izah edilib.
Görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran məsələlər DİM-in Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov tərəfindən cavablandırılıb.
Görüşdə, həmçinin şagirdlərin qəbul və buraxılış imtahanlarına səmərəli hazırlaşmaları üçün DİM-in yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış sinif testləri, test topluları və “Abituriyent” jurnalının xüsusi buraxılışları hər iki məktəbin kitabxanasına hədiyyə edilib.
Gəncə regional bölməsində Kəlbəcər, Xocalı və Laçın rayonlarının məktəblərinin və Göygöl, Daşkəsən, Goranboy rayonlarının ucqar kənd məktəblərinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan rayonlar üzrə ümumilikdə 56 məcburi köçkün və 18 ucqar kənd məktəblərinin kitabxanalarına DİM tərəfindən nəşr edilən sinif testləri, test topluları və “Abituriyent” jurnalları hədiyyə edilib.
Qeyd edək ki, DİM tərəfindən bu cür tədbirlərin təşkili ənənə halını alıb.