SİYASƏT
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulmuşdur VİDEO
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 250 dəfə pozulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan ordusunun bölmələri yanvarın 28-də və 29-da gecə Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndində və Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutmuşlar.
Ermənilər respublikamızın Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.