CƏMİYYƏT
Cəlil Xəlilov: Ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun məqsədi əlaqələri gücləndirməkdir
Bakı, 9 iyul, AZƏRTAC
Bu gün Azərbaycan Ağsaqqallar Şurası ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin iştirakı ilə ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçirilib. Bu forumda bir sıra təşkilatçılar, o cümlədən rayon təşkilatları, Ağsaqqallar Şurasının və Respublika Veteranlar Təşkilatının müvafiq şöbələrinin rəhbərləri iştirak etdilər. Forumun əsas məqsədi əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, tədbirdə ölkəmizin son dövrlərdə qazandığı uğurlarının təbliği, 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının rəşadət və qəhrəmanlığının təbliği məsələləri müzakirə olunub.
“Biz tədbirlərin aktiv formalarından istifadə etməliyik ki, belə tədbirlərdə həm veteranlar orduya hazırlıqla bağlı gənclərə öz tövsiyələrini versin, görüləcək işlər müzakirə olunsun. Müxtəlif rayonlardan gələn təşkilatların nümayəndələrinin fikirlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək qeydə aldıq”, - deyə Cəlil Xəlilov əlavə edib.