REGİONLAR
Cəlilabadda İranda keçirilən karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüş keçirilib
Cəlilabad, 2 mart, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon İcra Hakimiyyətində İranın paytaxtı Tehran şəhərində təşkil olunmuş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov yeniyetmə idmançını beynəlxalq turnirdə qazandığı böyük uğur münasibətilə təbrik edib. Bildirib ki, müstəqil Azərbaycan Respublikası həyatımızın bütün sahələrində, o cümlədən idman sahəsində yeni-yeni nailiyyətlərə imza atır. Qazanılan uğurlar ölkəmizdə idmana yüksək səviyyədə göstərilən dövlət dəstəyinin göstəricisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsidir.
Qeyd olunub ki, Cəlilabad rayonunda anadan olan Zəhra Salmanlı hazırda paytaxtın Xətai rayonundakı 95 nömrəli tam orta məktəbin V sinif şagirdidir.
Namiq Zeynalov beynəlxalq yarışda ölkəmizi layiqincə təmsil edən Zəhra Salmanlıya qiymətli hədiyyələr və fəxri fərman təqdim edib.
Xatırladaq ki, Zəhra Salmanlı beynəlxalq turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişdirilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.