SİYASƏT
Cənub bölgəsində keçirilən ixtisaslaşdırılmış kursların ikinci günündə seçki hüququnun reallaşdırılması üzrə müxtəlif məsələlər müzakirə edilmişdir
Lənkəran, 6 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) cənub bölgəsində keçirdiyi ixtisaslaşdırılmış kursların ikinci günündə seçki hüququ üzrə müxtəlif məsələlər müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, avqustun 6-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən kurslarda 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak etmişlər.
Təlim məşğələsində rayon məhkəməsinin sədri Elçin Kazımov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, rayon polis şöbəsi rəisinin müavini Şaban Kərimov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri”, rayon prokurorunun müavini Mülkün Mahmudov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, MSK-nın üzvü Qabil Orucov “ Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzularında çıxış etmişlər.
Məruzələrdə qeyd olunmuşdur ki, qarşıdan gələn prezident seçkilərinə hazırlıq məqsədi ilə təşkil olunmuş ixtisaslaşdırılmış kurslar Avropanın bir hissəsi olan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə keçirilməsində mühüm əhəmiyyət daşıyır.
Bildirilmişdir ki, əvvəlki seçkilərdə olduğu kimi, növbəti prezident seçkilərində də obyektivliyin təmin olunması üçün ölkəmizdə hər cür şərait yaradılmışdır. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri vardır.
Seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayan natiqlər dairə seçki komissiyaları üzvlərinin məntəqə seçki komissiyalarında maarifləndirmə istiqamətində zəruri işlər aparmalarının vacibliyindən də danışmış, seçki prosesində mənfi hallara qarşı mümkün olan bütün işlərin görülməsinin vacibliyini diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, oktyabrın 9-da ölkəmizdə növbəti seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçməsi ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Həmin gün 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 77 saylı Astara və 78 saylı Lerik seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda çıxış edənlər iştirakçılara seçki hüququna dair müxtəlif məsələlər barədə ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.