DÜNYA
Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxmalar kəskin artıb
Pekin, 19 iyul, AZƏRTAC
Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma sayı kəskin artıb. Ötən sutka üzrə yoluxma sayı əvvəlki günlə müqayisədə 2 dəfədən çox artaraq 73 mini ötüb.
AZƏRTAC Cənubi Koreyanın xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzinə istinadla xəbər verir ki, yoluxmaların belə kəskin çoxalmasının əsas səbəbi virusla mübarizə tədbirlərinin yumşaldılması fonunda “omikron” ştamının yüksək yoluxuculuq qabiliyyətinə malik BA.5 variantının dominantlıq etməsidir. Belə ki, son 3 həftədəki ümumi yoluxmaların yarıdan çoxu bu altştamın payına düşür. Ötən sutka Cənubi Koreyada virus səbəbindən 12 ölüm də qeydə alınıb. Mərkəz qarşıdakı günlərdə BA.5 altştamının daha sürətlə yayılacağını, sutkalıq yoluxma sayının 200 minə çatacağını proqnozlaşdırıb.
Səlahiyyətli qurumlar ölkədə pandemiyanın yeni dalğasının başladığını elan edib. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində virusa qarşı peyvəndləmə prosesinin sürətləndirilməsi, bu xüsusda yaşı 50-dən yuxarı olanların və yanaşı xəstəliklərdən əziyyət çəkənlərin 4-cü doza peyvənd qəbul etməsi, bundan başqa, sosial məsafənin qorunması, qoruyucu maska taxılması və toplaşmalardan çəkinilməsi tövsiyə olunub.
Qeyd edək ki, Cənubi Koreyada mart ayında başlayan əvvəlki dalğada sutkalıq yoluxma sayı 620 mini ötmüşdü. Həmin dalğa iyunun əvvəlində ən zəif nöqtəyə (sutkalıq 5 min civarı) ensə də, iyunun son günlərindən etibarən sutkalıq yoluxma sayında artım dinamikası müşahidə olunur.
Ölkədə indiyədək ümumilikdə 18 milyon 861 nəfər bu virusa yoluxub, 24 min 765 nəfər pandemiyanın qurbanı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin