Cəzaçəkmə müəssisələrində məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb VİDEO
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də KİV nümayəndələrindən ibarət dörd qrup Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində səsvermə prosesini müşahidə ediblər.
AZƏRTAC xəbər verir ki, prezident seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində yaradılan seçki məntəqələrində səsvermə prosesi şəffaf və ədalətli qaydada keçirilib. Məhkumlar Penitensiar Xidmətin 25 cəzaçəkmə müəssisəsində 15 dairə seçki komissiyası üzrə yaradılan 26 seçki məntəqəsində səs veriblər. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə hüququ olan məhkumlar səs veriblər. Bu məntəqələrdə məhkumların səs vermələri üçün hər cür şərait yaradılıb.
24 saylı Nizami birinci seçki dairəsinin Penitensiar Xidmətin müalicə müəssisəsində fəaliyyət göstərən 36 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının sədri Məhəmməd Əhmədov jurnalistlərə bildirib ki, səsvermə başlayandan seçki prosesi öz axarı ilə davam edir. Seçicilər sərbəst şəkildə məntəqəyə daxil olur və istədikləri namizədə səs verirlər. Məhkumların aşkar və demokratik şəraitdə səs vermələri üçün hər cür şərait var. Səsvermənin gedişində qanun pozuntusu qeydə alınmayıb, hər hansı müdaxilə halları baş verməyib. Məhbuslar səsvermədə ruh yüksəkliyi ilə iştirak edirlər.
Məhkumlar Kamal Məmmədov, İsmayıl Hümbətov, Xəqani Əzimov bildiriblər ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə keçir. Məhkumlar öz seçimlərini sərbəst şəkildə etdiklərini və istədikləri namizədə səs verdiklərini deyiblər.
33 saylı Xətai birinci seçki dairəsinin Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində təşkil olunan 40 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyasının sədri Yusifəli Həsənov qeyd edib ki, məntəqədə səsvermə prosesi səhər saat 8:00-dan başlayıb və heç bir problem qeydə alınmayıb. Məhkum seçicilər səsvermədə mütəşəkkil qaydada iştirak edirlər. Seçki tam şəffaf keçir. Məhkumlar sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
KİV nümayəndələrinin olduqları cəzaçəkmə müəssisələrində heç bir qanun pozuntusu qeydə alınmayıb. Məhkumlar MSK-nın müəyyənləşdirdiyi formada hazırlanan xüsusi vəsiqələri təqdim edərək səs verirlər.