İQTİSADİYYAT
“Çilov” yatağındakı 112 nömrəli özülün inşası başa çatdırılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 28 May adına neft və qazçıxarma idarəsinin sifarişi ilə “Neftqaztikinti” trestinin 8 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən inşa edilən özül dənizin 5-6 metr dərinliyində, layihə nöqtəsində quraşdırılıb.
Ümumi sahəsi 2520 kvadratmetr olan özül iki hissədən - istehsalat və mədəni-məişət hissələrindən ibarətdir. Beş dayaq bloklu istehsalat sahəsinin ümumi sahəsi 1920 kvadratmetrdir. Özül üç tərəfdən dörd minik və altı yanalma meydançaları ilə təchiz olunub. Mədəni-məişət hissəsi iki ədəd dayaq blokundan ibarətdir. Dayaq blokları arasındakı boşluq aralıq seksiyası ilə tamamlanır. 600 kvadratmetrlik mədəni-məişət sahəsi istehsalat sahəsi ilə uzunluğu 33 metr olan iki ədəd piyada körpüsü ilə birləşir. Özüldə bir ədəd 42 yerlik xilasedici qayıq quraşdırılıb.
Bundan başqa, müxtəlif metal konstruksiyalar, bloklararası rabitə və texnoloji avadanlıqlar üçün postamentlər quraşdırılıb, yanacaq və su boruları çəkilib. Obyektin yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur.