DÜNYA
Çin beş Mərkəzi Asiya respublikasına 500 milyon dollar təmənnasız yardım təklif edib
![Çin beş Mərkəzi Asiya respublikasına 500 milyon dollar təmənnasız yardım təklif edib](/files/2022/1/1200x630/16432376776195359400_1200x630.jpg)
Daşkənd, 26 yanvar, АZƏRTAC
Çin Xalq Respublikası (ÇXR) ilə beş Mərkəzi Asiya dövləti - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyi münasibətilə yüksək səviyyədə onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ÇXR-in sədri Si Szinpin, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan dövlət başçıları Şavkat Mirziyoyev, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emomali Rahmon və Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.
Liderlərin görüşündə Si Szinpin və Mərkəzi Asiya dövlət başçılarının Birgə Bəyanatı qəbul olunub.
Si Szinpin görüşdə bu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, yaxın 3 il ərzində beş Mərkəzi Asiya respublikasında iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə 500 milyon dollar təmənnasız yardım təklif edib. O deyib ki, bu proqram təhsil, elmi-tədqiqat, səhiyyə sahəsində kadrların hazırlanması, kasıblığın aradan qaldırılması, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişafı və digər sahələri əhatə edəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd