DÜNYA
Çin ilə Avropa arasında 6235 yük qatarı səfəri baş tutub
Pekin, 26 dekabr, AZƏRTAC
Çin ilə Avropa arasında dəmir yolu əlaqəsinin qurulduğu 2011-ci ildən bəri 57 marşrut üzrə 6235 yük qatarı səfəri baş tutub.
AZƏRTAC xəbər verir ki, bu müddətdə Çinin 35 şəhəri ilə Avropanın 12 ölkəsinin 34 şəhəri arasında dəmir yolu ilə yük daşımaları həyata keçirilib. Cari ildə isə 3270 belə səfər olub.
Çin Dəmir Yolu Korporasiyasının yük daşımaları departamentinin rəisi Cao Cün gələn il bu səfərlərin sayının 4 minə çatacağının gözlənildiyini deyib.
Çin-Avropa dəmir yolu ilə yük daşımaları Çinin “Bir kəmər, bir yol” strategiyasının vacib məqamlarından biridir. Hesab olunur ki, Çinin ən böyük ticarət tərəfdaşlarından olan Avropa ilə dəmir yolu xidməti tərəflər arasında ticarətin daha da genişlənməsinə müsbət təsir göstərəcək. Cari ilin 10 ayında Çin və Avropa arasında ticarət dövriyyəsinin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 513 milyard ABŞ dolları təşkil edib.
Bu yaxınlarda istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti tərəflər arasında yük daşımalarında vaxt və daşınma xərclərini azaldacaq. İpək Yolu Beynəlxalq Ticarət Palatasının baş katibi Li Cunxan bir müddət əvvəl AZƏRTAC-a müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Çinin “Bir kəmər-bir yol” strategiyasının səmərəliliyini artıracağını demişdi. “Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Belə ki, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur”, - deyə Li Cünxan bildirmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin