Çin: Tayvan rəsmilərinin müstəqilliklə bağlı çıxışları təhlükəlidir
Pekin, 3 aprel, AZƏRTAC
Tayvan rəsmilərinin müstəqilliklə bağlı son çıxışları təhlükəlidir və həddini aşmaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının Tayvan Məsələləri Ofisinin mətbuat katibi Ma Siaoquan Tayvan adasındakı hakimiyyətin başçısı Lay Çinq-tenin “Tayvanın müstəqilliyi” ilə bağlı sözlərini şərh edərkən deyib.
Çin rəsmisi bildirib ki, Lay Çinq-tenin fikirləri sülhə və sabitliyə, habelə ölkənin materik hissəsində və adada yaşayan həmvətənlərin fundamental maraqlarına zərər vurur. “Çinin materik hissəsi və Tayvan vahid və eyni Çinə məxsusdur. Çin ərazisinin tərkib hissəsi olan Tayvan heç vaxt Çindən ayrıla bilməz”, - deyə Ma Siaoquan əlavə edib. O bəyan edib ki, Çin “Tayvanın müstəqilliyi” ilə bağlı separatçı fəaliyyətə qəti qarşıdır.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintana qalib gələrək ölkədə hakimiyyətə gəlib və Çin Xalq Respublikasını elan ediblər. Çin Xalq Respublikası “Vahid Çin” prinsipinə əsasən, Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etməyərək, adanın ÇXR-in tərkib hissəsi olduğunu bildirib.
Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləməklə, Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin