SİYASƏT
Çin Xalq Respublikasında Qurban bayramı qeyd olunmuşdur
Pekin, 16 oktyabr (AZƏRTAC). Çin Xalq Respublikasında (ÇXR) yaşayan 30 milyona yaxın müsəlman İslam dünyasının milli-mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan Qurban bayramını qeyd edir.
Azərbaycanın Çindəki səfirliyi də müqəddəs Qurban bayramı münasibətilə Pekindəki "Səhra gülü" restoranında bayram süfrəsi açmışdır.
Bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin, digər həmvətənlərimizin iştirak etdikləri tədbirdə Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikinin mətni oxunmuşdur.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu bayramın İslamdakı rolundan danışmışdır. Bildirmişdir ki, bu müqəddəs bayram günlərində müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Səfir Lətif Qəndilov ümummilli lider Heydər Əliyevin hələ sovet vaxtı Azərbaycanda hakimiyyətdə olduğu illərdə milli -dini dəyərlərin bərpası istiqamətində gördüyü işlərdən, müstəqillik dövründə isə şəxsən özünün belə mərasimlərdə iştirakı ilə bu sahədə böyük dönüşə nail olduğunu vurğulamışdır. Səfir qeyd etmişdir ki, müxtəlif dinlərin qovuşduğu məkanda yerləşən Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və dözümlülük mühitinin formalaşmasında İslam dininin də müstəsna rolu olmuşdur.
ÇXR-də yaşayan soydaşlarımız müqəddəs Qurban bayramı münasibətilə qurbanlar kəsmiş, müxtəlif şəhərlərdə bayram süfrələri açmışlar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin