Çin xalqı vəfat etmiş yaxınlarının xatirəsini birlikdə anır
Pekin, 5 aprel, AZƏRTAC
Çində ay təqvimi ilə bu il aprelin 5-nə təsadüf edən və əcdadların, habelə ölmüş yaxın adamların anımı ilə bağlı olan Çinmin festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, çinlilər üçün xüsusi mənası olan Çinmin yazda gündüzlə gecənin bərabərləşdiyi gündən 15 gün sonra təmtəraqla qeyd olunur. Çinlilər yazın gəlişindən zövq almaq üçün təbiətin qoynuna çıxır və əcdadlarının qəbirlərini ziyarət edərək səliqəyə salırlar. Mərasimlər dua oxunması və dini musiqi ilə müşayiət olunur.
Festivalın final mərhələsi isə dünyadakı bütün çinlilərin öz əcdadı hesab etdikləri Xuan-dinin (“Sarı imperator”) Yanan şəhərindəki mavzoleyinin ziyarət olunmasıdır. Mərasimə hər il ölkənin müxtəlif bölgələrindən, habelə xarici ölkələrdən on minlərlə çinli, eləcə də turist gəlir. “Sarı imperator” əfsanəvi çin mifoloji personajı, daosizm və bütün çinlilərin əcdadı hesab olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin