Çində şiddətli yağışlar beş nəfərin həyatına son qoyub VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Çinın cənubunda yerləşən Quansi-Çjuan muxtar rayonunda leysan yağışları beş nəfərin həyatına son qoyub, daha bir nəfər isə itkin düşüb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakətdən ən çox Syuançjou qəzası zərər çəkib. Ümumilikdə isə 180 min yerli sakin əlverişsiz hava şəraiti ilə üzləşib, yağışlar beş min hektar kənd təsərrüfatı sahəsini məhv edib.
Təbii fəlakət, həmçinin nəqliyyat infrastrukturuna, körpülərə, avtomobil yollarına, elektrik stansiyalarına ciddi ziyan vurub, 20 mindən çox ailə elektrik təminatında problemlərlə üzləşib.
Hakimiyyət orqanları xilasetmə əməliyyatı üçün fəlakət zonasına 500 nəfər göndərib. Hazırda 8 mindən çox insan təhlükəsiz zonalara təxliyə edilib.