Culfada 80 gəncin iştirakı ilə “Səyyar gənclər evi” layihəsi icra olunub
Naxçıvan, 19 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı çərçivəsində Culfa rayonunun Saltaq kəndində “Səyyar gənclər evi” layihəsi çərçivəsində müxtəlif tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihədə Saltaqla yanaşı, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin və Bənəniyardan, ümumilikdə, 80 gənc iştirak edib.
Saltaq kənd məktəbində keçirilən açılış tədbirində nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri və gənclər üçün yaradılan imkanlardan bəhs edib, layihənin əhəmiyyəti barədə fikirlər səsləndirib.
Qeyd olunub ki, “Səyyar gənclər evi” layihəsi uzaq ərazilərdə yerləşən kənd və qəsəbələri əhatə edir. Məqsəd həmin yerlərdə yaşayan gənclərin şəxsi inkişafına, intellekt səviyyəsinə, sağlamlığına və sosial aktivliyinə töhfə vermək, maraqlı və əyləncəli vaxt keçirməsinə nail olmaqdır.
Layihənin proqramı barədə iştirakçılara məlumat verildikdən sonra gənclər püşk əsasında komandalara bölünüblər. Layihə çərçivəsində öncə psixoloq Ayxan Hüseynli tərəfindən komanda quruculuğu ilə bağlı təlim keçirilib. Komandalar “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında və əyləncəli idman yarışmalarında iştirak ediblər.
Yarışmalarda toplanan xalların cəminə əsasən ilk üç yerin sahibləri müəyyən olunub. Qalib “Zirvə” komandası, ikinci, üçüncü yerlərin sahibləri “Aslan” və “Mübariz” komandaları, eləcə də həvəsləndirici yerə layiq görülən “Şuşa” komandasının üzvləri mükafatlandırılıblar.
Komanda üzvlərinə diplom və hədiyyələr təqdim olunub.