CƏMİYYƏT
Daha 50 nəfər əlil Şəkidəki istirahət mərkəzinə yola salınıb
Bakı, 24 iyul (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 50 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.
ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq bu ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin bölgələrdəki istirahət-sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, son iki ay ərzində onlardan artıq 800 nəfərə yaxını həmin mərkəzlərə yola salınıb.
İstirahət guşələrində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, idman yarışları və viktorinalar, üzgüçülük, balıq ovu, ətraf rayonlara gəzinti turları, tibbi və fizioterapevtik prosedurlar təşkil olunur.