CƏMİYYƏT
“Darvinizmin bəşəriyyətə gətirdiyi bəlalar və həll yolu-Quran əxlaqı” mövzusunda tədbir keçirilmişdir
Bakı, 19 dekabr (AZƏRTAC). Dekabrın 19-da Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Darvinizmin bəşəriyyətə gətirdiyi bəlalar və həll yolu-Quran əxlaqı” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi Çarlz Darvinin təkamül nəzəriyyəsinin qaranlıq tərəflərini görmədən, həqiqətə əhəmiyyət vermədən onu müdafiə edənlərə daşıdıqları məsuliyyəti izah etmək və bu nəzəriyyənin bəşəriyyət üçün təhlükəsini çatdırmaqdır.
Tədbirdə çıxış edən birliyin sədri Ramiq Vəliyev dünyadakı alimlərin xeyli hissəsinin Ç. Darvinin insanın təkamül yolu ilə meymundan əmələ gəldiyi barədə baxışlarına şərik olmadığını qeyd etmiş və bu nəzəriyyənin dini inamsızlığı təbliğ etdiyini bildirmişdir. Darvinizmin səbəb olduğu bəlaların, zülmün, ədalətsizliyin, müharibə və qarşıdurmaların qarşısının alınmasında Qurani-Kərimin böyük əxlaqi təsirinin rolunu vurğulamışdır. İslam dininin insanın inancında və mənəvi-əxlaqı tərbiyəsində əhəmiyyətini qeyd etmişdir.
Tədbirdə həmçinin təkamül nəzəriyyəsinin əsassızlığını sübut edən, canlıların təkamül keçirmədiyi və onların yaradılmasını təsdiqləyən milyonlarla il yaşı olan daşlaşmış heyvan və bitki qalıqları dəlil kimi nümayiş etdirilmişdir. Bu qalıqlar dünyadakı canlıların Allah tərəfindən yaradıldığını və dəyişmədən qaldığını sübut edir.
Tədbirdə bu mözuyla bağlı videoçarx nümayiş olunmuş və məruzələr dinlənilmişdir.