CƏMİYYƏT
Daxili İşlər Nazirliyi Azərbaycan İslam Partiyasının sədrinin saxlanılması ilə bağlı açıqlama yaymışdır
Bakı, 8 yanvar (AZƏRTAC). Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun, Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı nazirliyə daxil olmuş məlumatlar əsasında yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.
Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 əl qumbarası, habelə yaşadığı evdən 7 avtomat patronu və içərisində dini radikalizmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanıb götürülmüşdür.
Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılmışlar.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır və araşdırmalar aparılır.