CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin Hospitalında koxlear implantasiya üzrə master-klass keçirilib
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 16-da Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Respublika Hospitalında bu şəfa ocağının 50 illik yubileyinə həsr olunmuş koxlear implantasiya üzrə master-klass keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin tibb idarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov tədbiri açaraq Avstriyadan, Rusiyadan və Belarusdan gələn qonaqlara daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını çatdırıb.
Hospitalın rəisi, tibb xidməti polkovniki, respublikanın əməkdar həkimi Ramiz Əkbərov bu qocaman səhiyyə ocağının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.
Daha sonra Sankt-Peterburq şəhərindəki “LOR” Elmi-Tədqiqat İnstitutunun bölmə rəhbəri, üç mindən çox implantasiya əməliyyatını həyata keçirmiş, Beynəlxalq “HEARRİNG” təşkilatının aparıcı eksperti, tibb elmləri doktoru Vladislav Kuzovkov tərəfindən yaşyarımlıq iki körpə üzərində həyata keçirilən əməliyyat konfrans zalına onlayn rejimdə translyasiya edilib.
Bildirilib ki, koxlear implantasiya respublikamızda ilk dəfə olaraq Daxili İşlər Nazirliyinin Hospitalında həyata keçirilir. Bu əməliyyatın əsas özəlliklərindən biri də anadangəlmə kar doğulmuş körpələrin gələcək əlilliyinin qarşısının vaxtında alınmasıdır. Nəzərə çatdırılıb ki, bir gün əvvəl də iki xəstə üzərində eyni əməliyyat uğurla keçirilib. Əməliyyatda hospitalın Lor şöbəsinin baş ordinatoru, tibb elmləri namizədi Kamil Yusifov, anesteziologiya və əməliyyat blokunun rəisi Zaur Tahirov və həkim İlqar Eyvazov iştirak edib.
Tibb müəssisəsinin ən müasir infrastrukturla təmin olunması, maddi-texniki bazasının təkmilləşdirilməsi xarici tərəfdaşların da diqqətini cəlb edib. Birgə əməkdaşlıq nəticəsində burada daha nadir əməliyyatların aparılmasına imkan vardır. Sentyabrdan etibarən isə hospitalda daha nadir əməliyyatların keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Avstriyadan, Rusiyadan və Belarusdan gəlmiş tibb mütəxəssisləri tətbiq olunan cərrahi yenilik barədə çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.