CƏMİYYƏT
Daxili işlər orqanlarının əməkdaşları Şamaxı rayonunda narkotik maddə plantasiyası aşkarlayıblar
Bakı, 24 iyul (AZƏRTAC). Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin əkilib becərilməsi hallarına qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Şamaxı rayon Qaleybuğurd kəndində külli miqdarda narkotik xassəli bitkinin əkilib becərilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 60 yaşlı Sərdar Şərifzadənin icarəyə götürdüyü kənd təsərrüfatı təyinatlı torpaqda narkotik maddə plantasiyası aşkarlanıb. Sahədən hündürlüyü iki metrdən çox olan 100-ə yaxın çətənə kolu maddi sübut kimi götürülüb.
Sərdar Şərifzadə ifadəsində bildirib ki, narkotik maddə becərmək məqsədilə torpağı may ayında icarəyə götürüb və sahibinin razılığı ilə çətənə kolları əkib. Bu müddətdə narkotik xassəli bitkilərə xüsusi aqrotexniki qaydalara uyğun qulluq edib. Sərdar Şərifzadə, həmçinin bildirib ki, çətənə kollarının daha yaxşı inkişaf etməsi üçün xüsusi gübrələrdən də istifadə edib. O, yaxın günlərdə kolları yığaraq qurudub satmağa hazırlaşsa da istəyinə çata bilməyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlayıb, istintaq aparılır.