CƏMİYYƏT
Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Dövlət Bayrağı Meydanında Daxili Qoşunların gənc əsgərlərinin andiçmə mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, bu ilin aprel ayında hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimində çıxış edən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandiri Zəfər Əliyev şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik etmiş, müqəddəs Vətən torpağını qorumağın şərəfli iş olduğunu vurğulamışdır.
Komandir bu gün hər bir azərbaycanlının işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə daim hazır olduğunu bildirmişdir.
Sonra xidməti döyüş fəaliyyəti haqqında məruzə ilə çıxış edən Daxili Qoşunlar komandanının birinci müavini, qərargah rəisi Şirin Xəlilov qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi məqsədi ilə ötən il bir sıra təşkilati-praktik tədbirlərin həyata keçirildiyini demişdir.
Ş.Xəlilov ölkədə sabitliyin, ictimai asayişin qorunmasında Daxili Qoşunların şəxsi heyətinin daxili işlər orqanları ilə birlikdə fəal iştirak etdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, döyüş, peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, nümunəvi nizam-intizama nail olunması və digər tapşırıqların layiqincə yerinə yetirilməsi Daxili Qoşunların əsas vəzifələridir.
Sonra gənc əsgərlər Vətənə sədaqətlə xidmət edəcəklərinə and içmişlər.
Gənc əsgərlərin valideynləri də əlamətdar gün münasibətilə övladlarını və şəxsi heyəti təbrik etmişlər.
Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatmışdır.