MƏDƏNİYYƏT
“DƏLƏDUZ” TAMAŞASININ PREMYERASI KEÇİRİLMİŞDİR
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Nəcəf bəy Vəzirovun “Dələduz” əsəri əsasında rejissor, əməkdar artist Loğman Kərimovun quruluşunda eyniadlı tamaşanın premyerası olmuşdur.
Meydan tamaşasının prinsipinə əsaslanaraq, qaravəlli janrında hazırlanmış tamaşanın mövzusu öz dövrü üçün nə qədər aktual idisə, o, bu gün də öz əhəmiyyətini itirməmişdir. Müasir cəmiyyətimizdə də bir-birinə kələk gələrək, başqasının var-dövlətini ələ keçirmək, etibardan sui-istifadə edib varlanmaq istəyən dələduzlar vardır. Yaradıcı heyət əsərin məhz bu cəhətini qabarıq göstərərək, tamaşaya milli folklor nümunələri cəhətdən zəngin olan aktyor oyunu ilə maraqlı səhnə əsəri təqdim etmişlər.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında göstərilmiş tamaşada əsas rolları xalq artistləri Ağaxan Salmanlı və Yasin Qarayevlə bərabər gənc aktyorlar oynamışlar.
Tamaşanın quruluşçu rəssamı Orxan Kərimov, musiqi tərtibatçısı Elnur Kərimov, rejissor assistenti Günel Məmmədovadır.