SİYASƏT
Deputat: Prezident İlham Əliyevin sülh siyasəti Cənubi Qafqaz xalqlarının dostluq şəraitində yaşamasına zəmin yaradır
![Deputat: Prezident İlham Əliyevin sülh siyasəti Cənubi Qafqaz xalqlarının dostluq şəraitində yaşamasına zəmin yaradır](/files/2022/2/1200x630/16538286811250042054_1200x630.jpg)
Tbilisi, 29 may, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, siyasi, humanitar, həmçinin hərbi sahədə əməkdaşlıq mövcuddur. Bizim münasibətlərimiz başqa ölkələr üçün də nümunədir.
Bu sözləri Tbilisidə səfərdə olan Milli Məclisin Gürcüstan parlamenti ilə əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Arzu Nağıyev AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, Azərbaycan bölgədə sülhün tərəfdarıdır. Gürcüstan da bu işdə daim Azərbaycana dəstək verib.
A.Nağıyev deyib: “Biz Cənubi Qafqazda sülhün tərəfdarıyıq və bu istiqamətdə də çox ciddi addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti Cənubi Qafqazda bütün xalqların dostluq şəraiti yaratmasına zəmin yaradır”.
Deputat diqqətə çatdırıb ki, iki ölkənin parlamentləri də bu birliyə, sabitliyə və inkişafa dəstək verir.
“Parlamentlər səviyyəsində ölkələrimiz arasında olan münasibət də ona dəlalət edir ki, Azərbaycan və Gürcüstanın qanunverici orqanları da birlikdədir", - deyə Arzu Nağıyev vurğulayıb.
Milli Məclisin deputatı Azərbaycan və gürcü xalqlarını müstəqillik bayramı münasibətilə təbrik edib.
Qeyd edək ki, Arzu Nağıyev 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Tbilisidə keçirilən rəsmi tədbirlərdə iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi