CƏMİYYƏT
“Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində elan olunmuş müsabiqəsinin növbəti qalibləri mükafatlandırılmışlar
Bakı, 5 dekabr (AZƏRTAC). Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi çərçivəsində elan olunmuş müsabiqəsinin növbəti qalibləri mükafatlandırılmışlar.
AZƏRTAC xəbər verir ki, Dünya Biznes Mərkəzində keçirilən tədbirdə Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü Rövşən Rzayev dekabrın 5-də qalib tələbələrlə görüşmüş, “Deputat-tələbə əməkdaşlığı” layihəsinin əhəmiyyətindən danışmış, bu kimi layihələrin azərbaycanlı tələbələrin savadlılığının artırılmasında, qanunvericilik orqanın fəaliyyəti ilə yaxından tanış olmasında, vətəndaş cəmiyyətinin inkişafında, eləcə də Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həllində mühüm rol oynadığını bildirmişdir.
Sonra “Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusunda elan olunmuş müsabiqənin əhəmiyyəti qeyd olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycanın erməni xalqı ilə düşmənçiliyi yoxdur. Lakin Ermənistan dövləti və rəhbərliyinin yürütdüyü siyasət iki qonşu xalqı düşmən vəziyyətinə gətirmişdir. Azərbaycan bütün çətinliklərə baxmayaraq problemin sülh yolu ilə həllinə tərəfdardır. Lakin terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan rəhbərliyi öz məkrli niyyətlərindən əl çəkmir. Bundan isə sadə xalq əziyyət çəkir. R.Rzayev münaqişənin həllinə maneə olan bu və ya digər amillərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulamışdır.
Müsabiqənin qalibləri olan tələbələr layihə ilə bağlı fikirlərini bölüşmüş, bu cür tədbirlərini əhəmiyyətini qeyd etmişlər.
Milli Məclisin deputatı Fuad Muradov tələbələri təbrik etmiş, onlara təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunmuşdur.