SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada cinayət törətməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı ilə bağlı açıqlama yaymışdır
Bakı, 17 oktyabr (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Moskva şəhərində Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədildiyi ehtimal olunan qətl hadisəsindən təəssüflənir, mərhumun ailəsinin kədərini bölüşdüyünü bildirir. Dövlət Komitəsi bu cinayət hadisəsində şübhəli qismində saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasından dərin təəssüf hissi keçirir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sentyabrın 17-də yaydığı açıqlamada bildirilir.
Dövlət Komitəsi bəyan edir ki, irqindən, dinindən və milliyyətindən asılı olmayaraq bu hadisəsini törədən şəxsin cinayət əməli sübuta yetirilərsə, o, qanunla nəzərdə tutulmuş ən yüksək cəzaya layiqdir.
Bununla yanaşı, Komitə Rusiya kütləvi informasiya vasitələrinin milli müxtəlifliklərlə zəngin, böyük və çoxmədəniyyətli bir ölkədə məişət zəminində baş vermiş adi bir qətl hadisəsini etnik kontekstə ictimailəşdirməsindən narahat olduğunu bildirir. Cinayətkarın milliyyəti olmur. Əgər istənilən şəxs cinayət törətməkdə şübhəli bilinirsə, onun bu cinayəti törətdiyi qanunauyğun şəkildə sübuta yetirilməlidir. Rusiya Federasiyasının da qoşulduğu bir çox beynəlxalq sənədlərdə təqsirsizlik prezumpsiyası öz əksini tapmışdır və bu sənədlər hər bir ölkənin qanunvericiliyinin ayrılmaz hissəsidir.
Təəssüf hissi ilə qeyd edirik ki, Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulmuş, məişət zəminində baş vermiş bir cinayət hadisəsi etnik kontekstdə ictimailəşdirilərək cəmiyyətə təqdim olunmuşdur. Dövlət Komitəsi bu cür yanaşmanın Rusiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlıq münasibətlərinin, habelə xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin ruhuna zidd olduğunu bir daha diqqətə çatdırır.
Komitə Rusiyada yaşayan bütün soydaşlarımızı yaranmış situasiyada ehtiyatlı və təmkinli davranmağa, ayrı-ayrı şəxslərin və qrupların mümkün təhriklərindən uzaq durmağa, təxribatlara uymamağa dəvət edir. Dövlət Komitəsi, eyni zamanda, Rusiya ərazisində daimi və ya müvəqqəti yaşayan bütün soydaşlarımızı Rusiya Federasiyası qanunvericiliyinin tələblərinə əməl etməyə, öz fəaliyyətlərini qanunauyğun şəkildə qurmağa çağırır.
Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirmə işini gücləndirmək, müvafiq profilaktik tədbirlər görmək məqsədi ilə Dövlət Komitəsində işçi qrup yaradılmışdır. Rusiya Federasiyasına ezam olunmuş işçi qrup azərbaycanlıların kompakt yaşadığı regionlarda diaspor nümayəndələri ilə görüşlər keçirəcək, yarana biləcək mümkün problemli situasiyalarla bağlı Azərbaycan Respublikasının digər müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında zəruri tədbirlər görüləcəkdir.
Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində isə yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədi ilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılmışdır. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı 24 saat ərzində qaynar xətt vasitəsilə Ümumrusiya Azərbaycan Konqresindəki qərargaha zəruri hüquqi yardım və məsləhətlər almaq üçün müraciət edə bilərlər.
Dövlət Komitəsi məsələni diqqətdə saxlayır və zərurət yarandığı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.