ELM VƏ TƏHSİL
DİM: Apellyasiya Komissiyasına 1158 şagird ərizə ilə müraciət edib
![DİM: Apellyasiya Komissiyasına 1158 şagird ərizə ilə müraciət edib](/files/2022/2/1200x630/16554655905836526462_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-17-də, 23-24-də, 30-da, mayın 1-də və 15-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 1158 şagird ərizə ilə müraciət edib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Ərizələrdə ümumilikdə 2790 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1 milyon 722 min 780 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 0.16 faizini təşkil edir.
Daxil olan müraciətlər araşdırılıb və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 339 nəfərlə videogörüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 819 (onlardan 30-a yaxın şagird dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 150 şagirdin (bütün imtahan verənlərin 0,1 faizi) cəmi 181 tapşırıq (bütün tapşırıqların 0,01 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 16 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
DİM şagirdlərin nəzərinə çatdırır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.
Xatırladaq ki, bu imtahanlarda 143 min 565 şagird iştirak edib və onların ümumilikdə 1 milyon 722 min 780 tapşırıq üzrə yazı işi yoxlanılıb.