ELM VƏ TƏHSİL
DİM maliyyə və mühasibatlıq sahəsindəki tədris mərkəzləri və peşəkar mühasib təşkilatları ilə əməkdaşlığa başlayıb
![](/files/galleryphoto/2022/1/1200x630/w_1616500102832612125895_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_161650010329294278684_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_161650010329914440734_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_1616500177601163246038_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_161650017760674434354_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_1616500177604462517193_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_1616500177601843213522_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_161650017760445332089_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_1616500177601485519480_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/w_161650017760450621564_1200x630.jpg)
Bakı, 15 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 15-də DİM, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi (DVXTM), Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, anlaşma memorandumunun imzalanmasının əsas məqsədi maliyyə, mühasibat və vergi uçotu sahələri üzrə ölkədə gedən islahatlara töhfə vermək, müvafiq sahələr üzrə insan resurslarının sertifikatlaşmasını dəstəkləmək, eləcə də peşəkar mühasib sertifikatı (PMS) imtahanlarını təkmilləşdirməkdir.
Qeyd olunub ki, “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarına əsasən Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili və imtahanların keçirilməsi DİM tərəfindən həyata keçirilir. Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarına əsasən, büdcə təşkilatlarının baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı əvvəl 2021-ci ilin sonuna qədər, sonra isə 2022 və 2023-cü illərin sonuna qədər dəyişdirilib.
DİM tərəfindən artıq iki dəfə - 2021-ci ilin noyabr və dekabr aylarında təşkil edilmiş PMS imtahanları nəticəsində 196 nəfər PMS sertifikatı əldə edib. Növbəti PMS imtahanının 2022-ci ilin may ayının 8-də, ilin sonuna qədər daha 3 imtahanın keçirilməsi nəzərdə tutulur.
Diqqətə çatdırılıb ki, DİM PMS imtahanlarının təkmilləşdirilməsi ilə bağlı beynəlxalq qurumlarla əməkdaşlıq edir. DİM artıq ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) rəsmi imtahan mərkəzidir. Məqsəd peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarını araşdırmaq, ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün birgə fəaliyyət göstərmək və tədbirlər həyata keçirmək, DİM və ACCA arasında əməkdaşlığı təşviq etmək üçün birgə strategiya və marketinq kampaniyaları hazırlamaq; mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək üçün birgə proqramlar təşkil etməkdir.
Qeyd olunub ki, “Abituriyent” jurnalının “Peşəkar müsahib” adlı xüsusi nəşri çap edilib və bu gündən etibarən jurnalı satış köşkündə və onlayn sifariş vasitəsilə əldə etmək mümkündür. Xüsusi nəşrdə PMS imtahanlarından olan yeni nümunəvi suallar, izahlar və bir neçə informativ məqalə öz əksini tapıb.
Tədbirdə Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin müvəqqəti icraçısı Gülşən Orucova, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Mirəli Kazımov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası idarə heyətinin sədri Nuriyyə Novruzova, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının idarə heyətinin sədri Günay Şahbazova və Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva çıxış ediblər.
Çıxışlarda imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu memorandum əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.
Sonra Dövlət İmtahan Mərkəzi, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası və Gənc Mühasiblər İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumu “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22 may 2019-cu il tarixli Qərarını əsas götürərək PMS üzrə imtahanların məzmunu və strukturunun təkmilləşdirilməsi və təbliği, maliyyə, mühasibat və vergi uçotu sahəsindəki yeniliklərin geniş ictimaiyyətə birgə çatdırılması və tətbiqi, eləcə də qeyd edilən sahələr üzrə mütəxəssislərin peşəkar inkişafına dair qarşılıqlı əməkdaşlıq məqsədi daşıyır.
Sənədə əsasən, tərəflər beynəlxalq kvalifikasiya və yerli PMS imtahanlarının standartlarının müqayisəli təhlili və inteqrasiyası, imtahanların ali təhsil müəssisələrinin maliyyə və mühasibat uçotu ixtisasları üzrə fənn proqramları və sillabusları ilə müqayisəli təhlili, imtahanlarda istifadə olunan tapşırıqların hazırlanması və ekspertizası, imtahanlara hazırlaşanlar üçün tədris materiallarının hazırlanması, müvafiq təlim sessiyaları, seminarların təşkili və s. istiqamətlər üzrə əməkdaşlıq edəcək.
Xatırladaq ki, PMS imtahanları aşağıda qeyd edilən sertifikatların verilməsi üçün təşkil olunur.
1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I səviyyə PMS;
4. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS.
Sertifikatlaşdırma ikimərhələli imtahan vasitəsilə həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.
Namizədlərə biliklərin yoxlanması üçün imtahanın hər bir mərhələsi üzrə 40 test tapşırığı təqdim edilir.
I mərhələ (mühasibat uçotu) üzrə:
40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır.
Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarının 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
II mərhələ (qanunvericilik) üzrə:
40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır.
Qapalı tipli test tapşırıqlarının 20-si 1 balla, 15-i 2 balla, açıq tipli test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Qanunvericilik üzrə test tapşırıqlarının sayı sertifikat növünə görə aşağıdakı kimi bölünür:
-Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
-Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS:
-Vergi qanunvericiliyi - 20 test tapşırığı:15 qapalı tipli, 5 açıq tipli
-Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı
-Mülki qanunvericilik -15 qapalı tipli test tapşırığı.
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I və II səviyyə PMS:
-Vergi qanunvericiliyi - 20 test tapşırığı:15 qapalı tipli, 5 açıq tipli
-Büdcə qanunvericiliyi- 10 qapalı tipli test tapşırığı
-Əmək qanunvericiliyi - 5 qapalı tipli test tapşırığı
-Mülki qanunvericilik - 5 qapalı tipli test tapşırığı.
İmtahanın hər mərhələsi üzrə toplanılası mümkün maksimum bal 100 baldır. Hər mərhələnin davametmə müddəti 3 saatdır.
Anlaşma memorandumunun imzalanması mərasimində DİM-in Direktorlar Şurasının sədr müavinləri - Namiq Babayev, Bəhram Xəlilov, Maliyyə Nazirliyinin şöbə müdirləri Elman Hüseynov və Firuzə Abdullayeva, dövlət vergi xidmətinin müşaviri Ramin İsayev, həmçinin DİM-in struktur bölmə rəhbərləri, METM, DVXTM, APFM, ARPA, GMİB-dən olan nümayəndələr, maliyyə və mühasibatlıq sahəsi ilə bağlı DİM-in əməkdaşlıq etdiyi universitetlərin (UNEC, Bakı Mühəndislik, Xəzər, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti) nümayəndələri, bu sahənin ekspertləri və PMS imtahanlarında ən yüksək bal toplayan şəxslər iştirak ediblər.