CƏMİYYƏT
DİNİ QURUMLARLA İŞ UZRƏ DÖVLƏT KOMİTƏSİ AĞSUDA SEMİNAR-TRENİNQ KEÇİRMİŞDİR
Ağsu, 29 sentyabr (AZƏRTAC). Sentyabrın 29-da Ağsuda “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda seminar-treninq keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini, dini işlər üzrə rayon komissiyanın sədri Rasim Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Ceyhun Məmmədov, Şirvan zonası üzrə şöbə müdiri Nizami Məmmədov və başqaları çıxış etmişlər.
Hər bir millətin və dövlətin milli-mənəvi dəyərlər sistemində dinin mühüm rol oynadığını qeyd edən natiqlər bu gün Azərbaycanda dini etiqad azadlığının, tolerantlığın qorunmasına dövlətin xüsusi diqqət və qayğısından danışmışlar. Qeyd edilmişdir ki, ölkəmizdə 1500-dən çox məscid fəaliyyət göstərir. Cəmiyyətimizdə həqiqi dini dəyərlər qorunur. Bununla bərabər, təəssüf ki, bir sıra Avropa və müsəlman ölkələrindən dəstək alan missionerlər ölkəmizdə zərərli dini təriqətlərin yayılmasına cəhd göstərirlər.
Göstərilmişdir ki, öz tərəfdaşları vasitəsilə, xüsusən gənclərin problemlərini öyrənən və yardım təklifi ilə onları ələ alaraq öz tərəflərinə çəkməyə çalışan missionerlər həm də zərərli dini ədəbiyyat yaymağa can atırlar. Belələrinin daim nəzarətdə olduğunu, yeri gəldikcə öz layiqli cəzalarını aldıqlarını bildirən natiqlər bu işdə hamının birgə səy göstərməsinin, hər kəsin vətəndaşlıq mövqeyi nümayiş etdirməsinin vacibliyini vurğulamışlar.