SİYASƏT
Diplomatiya könüllüləri üçün təşkil olunan “Evdə qal, mühazirələrdən qalma” adlı onlayn görüşlər yekunlaşıb
Bakı, 12 may, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Könüllülər İli” çərçivəsində, hazırda ölkəmizdə tətbiq olunan karantin dövründə gənclərin vaxtlarını səmərəli keçirməsi məqsədilə cari il aprelin 3-də başlayan “Evdə qal, mühazirələrdən qalma” adlı onlayn görüşlər yekunlaşıb. Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri üçün təşkil olunan görüşlərdə ötən həftə ərzində Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Elman Abdullayevin könüllülərlə videokonfransları baş tutub və mühazirəçilər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Habelə XİN, ADA Universiteti və Azərbaycanın İsveçrədəki səfirliyinin birgə təşkilatçılığı ilə ADA Universiteti tələbələri və diplomatiya könüllüləri üçün Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dünya İqtisadi Forumunun Avrasiya bölümünün rəhbəri Anastasiya Kalinina və Cenevrə Universitetinin Qlobal Ətraf Mühit Siyasəti Proqramının direktoru Babak Hedzaji ilə görüş baş tutub.
Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, səfirlər tərəfindən akkreditə olunduqları ölkə və ya təşkilat ilə Azərbaycan arasındakı münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.
COVID-19 pandemiyasının dünya ölkələrinin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı müzakirə edilib. Həmçinin COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin birbaşa rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən görülən sistemli tədbirlərdən geniş bəhs olunub.
Mayın 8-də Milli Məclisin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev ilə Şuşa şəhərinin işğalının 28-ci ildönümünə həsr olunmuş görüş baş tutub.
9 May - Faşizm üzərində Qələbə Günündə Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov ilə görüş keçirilib və Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi haqqında könüllülərlə müzakirə aparılıb və daha sonra film onlayn şəkildə diplomatiya könüllüləri tərəfindən izlənilib.
Mayın 10-da diplomatiya könüllüləri üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov ilə görüş təşkil olunub. Görüş zamanı Həsən Həsənov Ulu Öndərin müdrik daxili, xarici və gənclər siyasəti haqqında geniş bəhs edib, Ulu Öndər haqqında xatirələrini bölüşüb.
Mayın 11-də layihənin sonuncu günündə diplomatiya könüllüləri bu müddət ərzində mühazirələr zamanı əldə etdikləri məlumatlar, keçirilmiş görüşlərin faydaları haqqında müzakirə aparıblar. Belə bir çətin müddətdə, karantin dövründə bu layihənin gənclər üçün həyata keçirilməsinin olduqca səmərəli olduğunu qeyd ediblər. Azərbaycanda gənclərə verilən böyük dəyər, könüllülər hərəkatına göstərilən diqqət, habelə COVID-19 ilə bağlı Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi üçün həyata keçirilən tədbirlərə görə Diplomatiya Könüllüləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya alqışlarla təşəkkürlərini bildiriblər.