ELM VƏ TƏHSİL
Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları yekunlaşıb
![Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları yekunlaşıb](/files/2023/2/1200x630/1686482119134319520_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İlkin məlumatlara əsasən, bir imtahan zalında əvvəlcədən gizlədilmiş “ağıllı” saat aşkar olunub və sahibinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 3 həftə ərzində elan olunacaq.
Danışıq bloku üzrə imtahanın iyunun 16-dan 19-dək keçirilməsi planlaşdırılır.