CƏMİYYƏT
“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir
Bakı, 2 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Dövlət icbari şəxsi sığorta” altsisteminin yaradılması işləri yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 29-da verdiyi Fərmanın icrası olaraq yaradılan altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin e-infrastrukturunun qurulmasında mühüm rol oynayacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aidiyyəti qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi) tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil ediləcək.
Bunun üçün həmin qurumların altsistemə çıxışı təmin olunacaq.
Altsistem sığortaolunanların qeydiyyatı, sığorta hadisəsi barədə məlumatın verilməsi, daxil olan ödəniş vəsaitlərin uçotu, sığorta ödənişinin təyin olunması və s. proseslərin bütünlüklə e-infrastruktur üzərindən çevik və şəffaf aparılmasına imkan verəcək.