SİYASƏT
Dövlət Müstəqilliyi Günü Tovuzda da qeyd olunmuşdur
Tovuz, 18 oktyabr (AZƏRTAC). Tovuzda rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər 22 il bundan əvvəl oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyini, bunun xalqımızın tarixində böyük hadisə olduğunu bildirmişlər. Dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri diqqətə çatdırılmış və qeyd olunmuşdur ki, bu gün Azərbaycanın Qafqaz regionunda lider dövlətə çevrilməsi məhz Ulu Öndərin parlaq zəkasının və müdrik siyasətinin bəhrəsidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir.
Tədbir iştirakçıları respublikamızın, eləcə də Tovuzun sosial-iqtisadi inkişafında, bölgələrin sürətlə abadlaşdırılmasında, yeni istehsal sahələrinin açılması sayəsində işsizliyin aradan qaldırılmasında dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü işləri yüksək qiymətləndirmişlər.
Çıxış edənlər respublikamızda əldə olunan nailiyyətlərin rayonun timsalında aydın görundüyünü, bunun gələcəyə daha inamla baxmağa əsas verdiyini vurğulamışlar.