ELM VƏ TƏHSİL
Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili alacaq gənclərin növbəti siyahısı təsdiqlənib
Bakı, 27 avqust, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə təhsil alacaq şəxslərin növbəti siyahısı təsdiqlənib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 98 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.
Təqaüd qazanan gənclər iqtisadiyyat, maliyyə, mühəndislik, təhsil, dövlət idarəetməsi kimi ixtisas istiqamətləri üzrə dünyanın Türkiyə, Almaniya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İspaniya, Kanada, Belçika, İsveçrə, İsveç kimi ölkələrində təhsil alacaqlar.
Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan Respublikası vətəndaşı müraciət edib, nəticədə 80 nəfər bakalavriat, 247 nəfər magistratura səviyyəsi üzrə olmaqla ümumilikdə 327 nəfər proqram təqaüdçüsü seçilib.
Kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq avqustun 10-da açıq elan edilən sənəd qəbulu avqustun 25-də yekunlaşıb. Müvafiq qəbul üzrə müsahibə mərhələsinə növbəti həftədən başlanılacaq.