SİYASƏT
Dövlət qulluğuna qəbulla bağlı elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) tərəfindən dövlət qulluğuna qəbulla bağlı 2012-ci il avqustun 7-də, 14-də, 17-də, sentyabrın 6-da, oktyabrın 5-də və 24-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
DQMK-dan AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə iştirak etmək üçün qeydə alınmış 7 min 593 nəfərdən 1744 nəfəri test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçmişdir. Onlardan 1386 nəfəri müsabiqənin müsahibə mərhələsinə qatılmaq üçün sənədlərini Komissiyaya təqdim etmişdir.
Müsabiqənin müsahibə mərhələsi ötən il dekabrın 3-dən başlanmışdır. İndiyədək müsahibədə iştirak etmiş 505 namizəddən 187-si bu mərhələdən də uğurla keçmişdir. Elan edilmiş müsabiqənin müsahibə mərhələsi 26 dövlət orqanı üzrə başa çatmışdır. Müsahibədən uğurla keçmiş namizədlər Komissiya tərəfindən həmin dövlət orqanlarına təqdim edilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə müsahibədə iştirak etmiş 3, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 7, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə 6, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 3, Bakı Apelyasiya Məhkəməsi üzrə 8, Milli Televiziya və Radio Şurası üzrə 4 namizəddən heç biri vəzifəyə uyğun hesab edilməmişdir.