SİYASƏT
Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir
Cəlilabad, 19 fevral (AZƏRTAC). Fevralın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə mərkəzdəki Heydər Əliyev guşəsi ilə tanış olmuşlar.
Mərasimdə çıxış edən DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abasquliyev, “N” saylı hərbi hissənin komandiri, polkovnik Mehman Yusifov, hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Vüqar Məlikov, şəxsi heyət üzrə bölmə rəisi, polkovnik-leytenant Bəhram Mənsurov və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılmış uğurlardan danışmış, respublikanın sərhədləri keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə etmişlər.
Toplantıda DSX rəisinin gənc əsgərlərə ünvanladığı təbrik teleqramının mətni oxunmuşdur.
Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.
Şəxsi heyət nizamlı addımlarla tribuna önündən keçmişdir.
Tədbir başa çatdıqdan sonra DSX rəisinin müavini, general-mayor M.Abasquliyev gənc əsgərlərin valideynləri ilə görüşərək müraciətlərini dinləmiş və onların həlli istiqamətində tapşırıqlar vermişdir.