CƏMİYYƏT
Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir
Cəlilabad, 18 may (AZƏRTAC). Mayın 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəsinin təlim-tədris mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abasquliyev, “N” saylı hərbi hissənin komandiri, polkovnik Mehman Yusifov və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizin sərhədlərinin keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi qorumağı tövsiyə etmişlər.
Toplantıda DSX rəisinin gənc əsgərlərə ünvanladığı təbrik teleqramının mətni oxunmuşdur.
Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.
Şəxsi heyət təntənəli marşın sədaları altında tribuna önündən keçmişdir.
Andiçmə mərasimi başa çatdıqdan sonra DSX rəisinin müavini, general-mayor M.Abasquliyev gənc əsgərlərin valideynləri ilə görüşərək müraciətlərini dinləmiş və onların həlli istiqamətində tapşırıqlar vermişdir.